PRESS MƏRKƏZ | 10.04.2012 Ciddədə daşınmaz əmlakın investisiyası üzrə sammit keçirildi

Bu istiqamətdə NASEBA təşkilatı dünyanın müxtəlif regionlarında dəyişik mövzularda seminarlar, konfranslar və ənənəvi illik sammitlər təşkil etməkdədir. Bunlardan biri də Daşınmaz Əmlakın İnvestisiyası üzrə 3-cü Ənənəvi Sammiti (3rd Annual Real Estate Investment Summit) oldu. Sammit 1-2 martda Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirildi. Tədbirdə 57 orta və iri miqyaslı şirkət iştirak etdi. Həmin şirkətlərdən sammitə 90-dan çox iştirakçı (əsasən şirkətlərin sahibləri, idarə heyətlərinin sədrləri, baş direktorlar və ya icraçı direktorlar) qatılmışdı. Bu şirkətlər əsasən inşaat, yenidənqurma, investisiya və başqa sektorları əhatə edirdi.

Hər bir tədbirin təşkilində sponsorluq fəaliyyətləri olduğu kimi, bu sammitin də sponsorları var idi. Dünyanın müxtəlif regionlarından olan orta və böyük 12 şirkət bu tədbirin baş tutmasında əlindən gələni əsirgəməyib. Bu şirkətlərdən biri də Azərbaycanın inşaat sektorunun öndə gələn şirkətlərindən biri – “ANT GROUP” oldu. Adı gedən şirkəti təmsil edən İlham Qarayev, Fuad Əhmədov və Fuad Qəmbərov iştirakçı qismində Ciddə şəhərinə ezam olunmuş və tədbirdə inglis dilində təqdimat keçirmişdir. Sammitin birinci günündə “2010-cu il Mərkəzi Asiyanın daşınmaz əmlak üzrə görünüşü” mövzulu panel, habelə “İraqda meydana çıxan imkanlar”, “Niyə Hindistan investitorları cəlb edir?” və başqa müxtəlif mövzularda çıxışlar və İraq, Hindistan, Braziliya, ABŞ və Şərqi Avropa regionları üzrə investorların dəyirmi masaları keçirildi. Sammitin ikinci günündə isə yenidən panel keçirildi və şirkətlər tərəfindən müxtəlif mövzularda çıxışlar oldu. Bu çıxışlardan birini də “ANT GROUP” heyəti adından Fuad Qəmbərov etdi. Çıxışda ilkin olaraq Azərbaycan haqqında ümumi məlumat verildi, iqtisadiyyatın dinamikasından bəhs edildi, iştirakçılara ümumi iqtisadi göstəricilər nümayiş edildi və investisiya imkanları qiymətləndirildi. Təqdimatın növbəti mərhələsində, “ANT GROUP”-un tarixi və inkişaf yolu, onun günümüzdə respublikadakı mövqeyi, habelə onun Azərbaycandakı reputasiyası haqqında məlumat verildi. Daha sonra, “ANT GROUP”-un reallaşdırdığı, hazırda davam edən və gələcəkdə planlaşdırdığı layihələr haqqında geniş məruzə edildi və birgə əməkdaşlıq imkanları qiymətləndirildi.

Təqdimatdan sonra Azərbaycana və “ANT GROUP”-a maraq oyanmış və sponsorlar üçün ayrılmış güşələrdə müxtəlif qarşılıqlı görüşlər keçirildi. Eyni zamanda İraq mövzulu dəyirmi masada iştirak edildi, şirkətlərlə müəyyən fikir və təcrübə mübadilələri həyata keçirildi, İraqa investisiya qoyuluşu və orada podratçı kimi fəaliyyət göstərmək imkanları qiymətləndirildi. Günün sonunda Məkkə Sənaye və
Kommersiya Palatasının sədr müavini sammiti qapalı elan etdi. Ötən iki sammitdə olduğu kimi, bu dəfə də şirkətlər öz tövhəsini aldı, müəyyən layihələr və yeni investisiya qoyuluşu istiqamətində ilkin addımlar atıldı. Təbii olaraq, “ANT GROUP” da bundan yan keçmədi. Səfər ərzində bir ərəb iş adamı ilə münasibət quruldu və onunla əməkdaşlıq planları müzakirə edildi. Eyni zamanda bir əmirin vəkili ilə görüş keçirildi və investisiya haqqında müzakirələr aparıldı. Habelə, şəhərsalma və yenidənqurma istiqamətində 3 layihə ilə tanışlıq və layihənin icrası istiqamətində ilkin addımlar atıldı. Digər bir görüş regionun öndə gələn inşaat şirkətlərindən birinin mühəndisi ilə oldu, regionun infrastrukturu və inşaat mühiti haqqında danışıqlar aparıldı. Bununla da “ANT GROUP” sponsorluq və iştirak etdiyi tədbirlərin sırasına birini də əlavə etdi və tədbirdən yüksək notlarla geri döndü. Qarşıdan gələn bu tipli tədbirlər haqqında yenə də düşünülməkdə və “ANT GROUP”-un dünya miqyasında bir brend olması istiqamətində əmin addımlar atılmaqdadır.

 

 

Son proyektlər