PRESS MƏRKƏZ | 04.06.2009 Bayıldan və Şüvəlandan Bakı İstintaq Təcridxanasına köç başlayacaq

Bir neçə gün sonra 1 saylı Bayıl və  3 saylı Şüvəlan istintaq təcridxanalarında saxlanılanların yeni açılan Bakı İstintaq Təcridxanasına köçürülməsi başlayacaq. Bunu “Media forum” saytına açıqlamasında Ədlyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov deyib.Onun sözlərinə görə, proses bir müddət çəkəcək: “Əvvəlcə hazırlıq görülməli, təşkilati məsələlər həyata keçirilməlidir. Orada məhkumların qidası, daxildə xidmətlərin aparılması həll olunmalıdır”.

M.Sadıqov Bakı İstintaq Təcridxanasının strukturunun tam formalaşdığını bildirib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının yeni binasının açılışı mayın 29-da olub. Dövlət başçısı açılışda iştirak edib. Paytaxtın Zabrat qəsəbəsində inşa olunan Bakı İstintaq Təcridxanası rejim korpuslarından, inzibati binadan, karantin otağından, qısa və uzunmüddətli görüş otaqlarından, istintaq otağından, təsərrüfat-məişət xidməti işlərində saxlanılan məhkumlar üçün nəzərdə tutulan korpuslardan ibarətdir.

Burada saxlanma limiti 2500 nəfərdir. Müəssisədə 1, 2, 4 və 6 nəfərlik 576 kamera var. Bütün korpuslar xüsusi keçidlə mərkəzi korpusa bağlanıb. Bütün korpuslar veb-kameralar vasitəsilə idarəetmə mərkəzindən nəzarətdə saxlanılır.  Saxlanılan şəxslərin qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx inşa olunub. Təcridxananın fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 210 kilovoltluq yeraltı elektrik xətti çəkilib, transformator yarımstansiyaları, 3 generator quraşdırılıb, su və qaz təchizatı sistemi qurulub.

Bakı İstintaq Təcridxanasına ədliyyə polkovniki Elxan Sadıqov rəhbərlik edir. M.Sadıqov “Media forum”a bildirib ki, istər 1 saylı Bayıl İstintaq Təcridxanasının, istərsə də 3 saylı Şüvəlan İstintaq Təcridxanasının rəisləri işlə təmin olunacaqlar.

Son proyektlər